Rus forpostundan fransız “bastion”una | Ədalət Verdiyevin şərhi

// Ukraynanın rədd etdiyi maşınlar Ermənistana nə verəcək

   Rus forpostundan fransız “bastion”una    | Ədalət Verdiyevin şərhi
  15 Noyabr 2023    Oxunub:8567
2023-cü il noyabrın 13-də Fransanın “Ouest-France” portalında “Fransa Ermənistana “Bastion” tipli maşınlar çatdırıb” sərlövhəli məqalə dərc olundu. Məqalədə bu maşınların Gürcüstanın Poti limanından keçərək, dəmir yolu ilə Ermənistana aparıldığı qeyd edilib və buna aid fotolar dərc olunub.
Fotolar Ermənistan Tədqiqat və İnkişaf İnstitutunun (ARDI) müdafiə üzrə tədqiqatlar şöbəsinin rəhbəri Leonid Nersisyanın səhifəsindən götürülüb. Nersisyan bu şəkilləri noyabrın 12-də Gürcüstanın Poti limanında çəkib və paylaşıb.


Həmçinin məqalədə Fransa xarici işlər nazirinin Ermənistana səfəri, səfər zamanı Parisin bu ölkəyə hərbi texnika çatdırılmasına razılıq verməsi, eləcə də Ermənistan müdafiə nazirinin Fransaya səfəri, bu səfər çərçivəsində bir neçə sazişin imzalanmasından bəhs edilib.

Ukraynanın bəyənmədiyi texnikaları Ermənistan məmnuniyyətlə qəbul edir

Fransanın “Arquus” şirkəti tərəfindən istehsal olunan “Bastion” tipli yüngül zirehli maşınlar əvvəlcə Ukrayna üçün nəzərdə tutulurdu. Lakin Kiyev həmin maşınların artilleriya atəşindən və tank əleyhinə raketlərdən qorunmaq üçün çox zəif olduğunu bildirərək, imtina etdi.

Həmin maşınları Ukraynaya təhvil vermək niyyəti haqqında ilk olaraq 2022-ci il oktyabrın 3-də Fransanın “La Tribune” qəzeti yazmışdı. Məqalədə fransız istehsalçının Ukraynaya 20 ədəd “Bastion” zirehli maşını təqdim edəcəyi deyilirdi. Daha sonra şirkət nümayəndəsi bildirdi ki, məsələ ilə bağlı danışıqlar uzun müddət davam etsə də, heç bir qərar verilməyib və 24 avtomobil hələ də anbarlardadır. Böyük ehtimalla, Ermənistana göndərilən də məhz Ukraynanın imtina etdiyi bu maşınlardır.

Ermənistan dayanmadan silah dilənir

“Bastion” maşınlarının Ermənistana verilməsi ilə bağlı yekun razılaşma Suren Papikyanın 22 və 23 oktyabrda Parisdə fransalı həmkarı Sebastyen Lekorne ilə görüşündə əldə olunub. Bu görüşdə daim Azərbaycana qarşı düşmən mövqedə olan Fransa 30 illik işğal tarixinə malik Ermənistan ilə hərbi və hərbi-texniki sahədə ikitərəfli əməkdaşlıq haqqında sazişlər imzalamışdı. Fransanın Ermənistana zirehli texnika tədarükü həm Azərbaycan dövləti, həm də ölkəmizin ictimaiyyəti tərəfindən pislənilib, çünki Parisin bu addımın regionda vəziyyəti gərginləşdirəcəyi ehtimalı çox böyükdür.

“Bastion”

“Bastion” tipli yüngül zirehli personal daşıyıcıları 2010-cu ildən Fransanın “Arquus” şirkəti tərəfindən istehsal edilir. Bu şirkət əvvəllər “Renault Trucks Defence” adı ilə İsveçin “Volvo” qrupuna məxsus olub.

Ermənistana göndərilən “Bastion” zirehli maşınlarının VAB Mk.3 versiyasıdır. Onların ilk partiyası 21 ədəddən ibarətdir. Bəzi mənbələrdə bu rəqəm 24 göstərilir. Ehtimallara görə, ümumilikdə Ermənistana 50 maşın çatdırılacaq. Amma bu məlumatlar hələlik rəsmi təsdiqini tapmayıb.


12 tonluq “Bastion” zirehli avtomobili VLRA TDN-TDE platformasında hazırlanıb. Maşın 4x4 təkər formuluna malikdir. Zirehli korpus STANAG-4569 standartının ikinci səviyyəsinə uyğundur. Müxtəlif versiyalara malik olsa da, əsas xüsusiyyətləri eynidir.

İstehsalçının məlumatına əsasən, “Bastion” daxilində olan heyətin atıcı silahlardan, minalardan və əldəqayırma partlayıcı qurğulardan qorunmasını təmin edir. Amma bu qorunma səviyyəsinin Ukraynanı qane etməməsi istehsalçının verdiyi məlumatlara şübhə ilə yanaşmağa əsas verir.

İlk təqdimatı və təyinatı

Avtomobil ilk dəfə 2010-cu ildə Böyük Britaniyada DSEI müdafiə sənayesi sərgisində təqdim edilib. “Bastion” əsasən Afrika və Yaxın Şərq iqlimində istifadə üçün nəzərdə tutulub. O, Afrikada fəaliyyət göstərən fransız xüsusi təyinatlılarının daşınması və qorunması üçün yaradılıb.
2015-ci ildə ABŞ-ın Müdafiə Nazirliyi “Mack Trucks” tərəfindən istehsal edilmiş 62 ədəd “Bastion” zirehli daşıyıcısını alaraq, Afrika ölkələrində fəaliyyət göstərən müxtəlif missiyalarına göndərib.
2018-ci ildə ACMAT-ın sahibi olan “Arquus” AM General şirkəti ilə ABŞ ordusu üçün “Bastion” zirehli personal daşıyıcısı əsasında zirehli sanitar maşını istehsal etmək barədə müqavilə imzalayıb.

Modifikasiyalar

“Bastion” APC zirehli personal daşıyıcısının baza versiyasıdır. 5 xüsusi təyinatlı əsgərin daşınması üçün nəzərdə tutulur. Maşının üstündə müxtəlif çaplı pulemyot və ya uzaq məsafədən idarə olunan döyüş modulu quraşdırmaq mümkündür. Daha çox üstündə 3 ədəd MG3 tipli 7,62 çaplı pulemyot quraşdırılan versiyalara rast gəlinir.

“Bastion” PATSAS (PAtrouille SAS) 2012-ci ildə xüsusi təyinatlılar üçün hazırlanmış zirehli personal daşıyıcısıdır. Damında 7,62 mm-lik pulemyot quraşdırılan maşının ümumi çəkisi 10 tondur. PATSAS havada CH-47 “Chinook” helikopteri və ya C-130 “Hercules”, C-160 və ya A400M hərbi nəqliyyat təyyarələri ilə daşına bilər.


“Bastion” HM (High Mobility) versiyası müstəqil asqıya və daha üstün manevr imkanlarına malikdir. Mühərriki 340 at gücünə qədər artırıla bilir. “Bastion Fortress” onun başqa bir variantıdır.

“Bastion APC Extreme Mobility” versiyası isə 8-ə qədər xüsusi təyinatlı əsgəri qəbul edə bilən zirehli personal daşıyıcısıdır. 320 at gücündə dizel mühərriki ilə təchiz edilən maşında iki ədəd 150 litrlik yanacaq çəni mövcuddur. Bundan əlavə, maşın elektrik sükanına, özünü kilidləyən diferensiala və sərt oxlu körpüyə malikdir. Əyləc sisteminin diskləri hava ilə soyudulur. Ön oxda standart olaraq bloklanma əleyhinə əyləc sistemi (ABS) quraşdırılıb və sifarişə görə arxaya ABS quraşdırıla bilər. Avtomobil dörd ədəd “Michelin” 365/80R 20 XZL şinləri ilə təchiz olunub ki, bu da 1 metr dərinliyə qədər su maneələrini dəf etməyə imkan verir. Bu versiya ilk dəfə 2012-ci ildə buraxılıb.

Döyüşlərdə istifadəsi

“Bastion” zirehli maşınlarından Benin, Burkina-Faso, Qabon, Kamerun, Keniya, Kot-d'İvuar, Mavritaniya, Mali, Niger, Səudiyyə Ərəbistanı, Seneqal, Somali, Toqo, Tunis, Uqanda, Çad və Ermənistan istifadə edir.

Bu yazılara da nəzər salın:
Ruanda soyqırımı: 800 min ölümə yumulan fransız gözü | Dosye
Fransanın nüvə sirləri: Paris nəyi gizlədir | Araşdırma
Sülh konfransının silahları
XİN Fransanın Ermənistana zirehli texnika göndərməsini pislədi

2013-cü ilin yanvar ayında Burkina-Faso Silahlı Qüvvələrinin “Bastion" ları Malinin şimalında yerləşdirilib və BMT-nin himayəsi altında bu ölkədə sülhməramlı və daxili təhlükəsizlik əməliyyatlarında iştirak edib.
2015-ci ildə Çad ordusunun bölmələri Kamerun və Nigeriyanın şimalında “Boko Haram” qruplaşmasına qarşı əməliyyatlar zamanı “Bastion” lardan istifadə edib.
15 dekabr 2016-cı ildə Burkina Faso ordusunun bir neçə “Bastion”u Ənsarül-İslam qüvvələri tərəfindən Nasumbaya hücum zamanı məhv edilib.
2015-ci ildə Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin bir neçə PATSAS maşını Yəmənə qarşı istifadə edilib.

Texniki xüsusiyyətləri

Avtomobilin uzunluğu 6,3 m, eni 2,3 m, hündürlüyü 2,4 m, yerdən hündürlüyü (klirensi) 0,33 m-dir. Zirehli döyüş maşını baza versiyasında 270 at gücünə malik 4 silindrli turbodizel mühərriklə təchiz olunub. Maksimum 110 km/saat sürətə malikdir.
Təkər formulu: 4x4;
Ekipaj: 1 + 4; 2+8;
Döyüş çəkisi: 10,5 t;
Qabarit ölçüləri: uzunluq - 6000 mm, en - 2200 mm, hündürlük - 2400 mm;
Yük daşıma qabiliyyəti: 2 t;
Mühərrik: 5 litrlik dizel;
Mühərrikin gücü: 215 at gücü;
Maksimum sürəti: 110 km/saat;
Ehtiyat yanacaq məsafəsi: 1000 km;
Aşılan maneələr: yamac – 65%; yan yamac - 30%; divar - 0,4 m; xəndək - 0,5 m; su manesi - 1 m.

Nəticə

Afrikadan və neokoloniya kimi baxdığı digər ölkələrdən qovulan Fransanın hazırkı hakimiyyəti Cənubi Qafqazda yerləşmək üçün əlindən gələni edir. Bu regionda Fransanın yerləşməsi üçün ən uyğun ölkə Ermənistandır. Çünki keçmişi çox sayda müstəmləkəçilik və soyqırım faktları ilə zəngin olan Fransa heç vaxt güclü dövlətçilik ənənələrinə malik dövlətlərin ərazisində yerləşə bilməyib. Bu məqsədlər üçün Paris daim təhlükəsizlik immuniteti zəif, hərbi, siyasi və iqtisadi müqavimət potensialı məhdud olan ölkələri seçir. Bu baxımdan növbəti “hərbi dislokasiya məntəqəsi” kimi Ermənistanı seçməsi təsadüfi deyil. Daha əvvəl Azərbaycan-Ermənistan şərhəddində Aİ missiyasının yerləşdirilməsi də Fransanın ssenarisi əsasında baş tutmuşdu.

Fransa əvvəlcə Ermənistana müdafiə silahları verəcəyini açıqlamışdı, mən isə şərhlərimdə hücum silahlarının da verilə biləcəyini istisna etmirdim. İndi isə Fransa 30 illik işğal tarixinə malik Ermənistana hücum silahları göndərir. Bu, birmənalı olaraq Ermənistanın hərbi potensialını gücləndirmək, İrəvandan Azərbaycana qarşı istifadə etmək üçün münbit şərait yaratmaq və regionda sülhün bərqərar olmasına əngəl törətmək məqsədi daşıyır.

Buna qədər Fransanın qərəzli mövqeyinə və münaqişə tərəflərinin görüşünə müdaxilə etmək istəyinə görə İspaniyanın Qranada şəhərində Ermənistan və Azərbaycan liderləri arasında görüş baş tutmamışdı. İndi isə Fransa Ermənistana silah və texnika ötürməklə yeni qarşıdurma yaratmağa çalışır. Nəinki 20, hətta 50 “Bastion” da heç bir halda Ermənistanın məruz qaldığı 6 milyard dollarlıq itkilərinin yerini doldura və güc balansına təsir edə bilməz. Amma Ermənistanı cəsarətləndirərək, növbəti təxribatlar törətməyə sövq edə bilər. Bu isə imzaladığı sənədlər üzrə öhdəlikləri yerinə yetirməkdən imtina edən Ermənistanı növbəti dəfə, həm də daha sərt cəzalandırmaq üçün Azərbaycana növbəti imkanı yarada bilər.
İstənilən halda, regionda baş verə biləcək hər bir qarşıdurmaya görə məsuliyyəti başına dəyən yumurtalardan kontuziya alan Emmanuel Makron daşıyacaq.

Ədalət Verdiyev
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: Fransa   Bastion  





Xəbər lenti